QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ölkədə bir şagirdin təhsilinə orta hesabla 1700 manat xərc çəkilir. Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O, bu fikirləri Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilərkən səsləndirib.

Nazir müavininin sözlərinə görə, şagirdlərin 60 faizi 833 məktəbdə oxuyur. Onun diqqətə çatdırdığı əsas məsələlərdən biri xərclərin şagirdlərə deyil, daha çox təhsil müəssisələrinin saxlanmasına yönəldilməsidir. Kərimzadə 2027–2030-cu illər strategiyasının layihəsində bununla bağlı iki geniş islahat paketinin yer aldığını bildirib.

İslahatların birinci istiqaməti adambaşı maliyyələşmənin mərhələli tətbiq ediləcəyi məktəbləri əhatə edir. Kərimzadə qeyd edib ki, bu müəssisələrdə şagirdlərin 50 faizi təhsil alır, məktəblərin payı isə 15 faizdir. Ümumilikdə, 500 məktəbdə ölkə üzrə şagirdlərin yarısı oxuyur və həmin məktəblərdə adambaşı maliyyələşməyə keçid nəzərdə tutulur.

2027-ci ildə 100 müəssisənin yeni maliyyələşmə modelinə keçməsi üçün dövlət büdcəsində 223,8 milyon manat vəsait ayrılması planlaşdırılıb.