QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Almaniyada yeri müəyyən edilərək saxlanılan Azərbaycan vətəndaşı Elmir Elxan oğlu Nuriyev noyabrın 6-da ölkəyə ekstradisiya olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Nuriyev 2021-ci ildə tamah məqsədilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə yönəlmiş dələduzluqda ittiham edilir. İstintaqın qənaətinə əsasən, o, müxtəlif vaxtlarda zərərçəkənlərə mənzillərini təmir etdirəcəyini bildirərək onları aldadıb və xeyli miqdarda ziyan vurub. İttiham Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.4-cü maddələri ilə irəli sürülüb.
Nazirliyin açıqlamasında qeyd olunur ki, Nuriyev beynəlxalq axtarışa İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən verilib. Baş Prokurorluğun sorğusu, Ədliyyə Nazirliyinin təqdim etdiyi zəmanətlər və aparılan danışıqlar nəticəsində onun Azərbaycana verilməsi barədə razılıq əldə edilib.
Elmir Nuriyev Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsi və Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Almaniyadan Azərbaycana gətirilib. Məhkəmənin həbs qərarına uyğun olaraq o, istintaq təcridxanasına yerləşdirilib.