QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Fransa prokurorluğu aktyor Jerar Depardye, yazıçı Mişel Uelbek və rejissor Qiyom Niklu barədə 2018-ci ilin dekabrında “Talasso” filminin çəkilişləri zamanı baş verdiyi iddia olunan qrup halında təcavüz faktı üzrə istintaqa başlayıb.
Araşdırma 12 may 2025-ci ildə qadının təqdim etdiyi şikayət əsasında başlanıb. O, 2018-ci ildə filmin çəkilişində cinsi zorakılığa məruz qaldığını və hadisədə hər iki şəxsin iştirak etdiyini iddia edib. Qadının sözlərinə görə, hotel otağında səhnə çəkilərkən Depardye ona qarşı cinsi zorakılıq xarakterli hərəkətlər edib, Uelbek isə onu tutaraq saxlayıb. Yazıçı cinsi təcavüzdə və əlbir olmaqda da şübhəli bilinir.
Məlumata əsasən, 77 yaşlı Depardye qrup halında təcavüz və cinsi zorakılıqda, 70 yaşlı Uelbek cinsi qısnama və qrup halında təcavüzdə iştirakda, 60 yaşlı Qiyom Niklu isə bu əməllərdə və intim səhnələrin qanunsuz çəkilişində ittiham olunur.
Filmdə rol alan Aleksandra adlı aktrisa hadisədən altı il yarım sonra polisə müraciət edib. O, çəkiliş vaxtı sərxoş aktyorların ssenaridən kənara çıxaraq kamera qarşısında ona zorakılıq etdiyini bildirib. Aktrisanın iddiasına görə, susması müqabilində gizli kompensasiya kimi ona hər biri 45 min avro olan üç müqavilə təklif edilib, daha sonra isə videoların məhv olunması barədə arayış verilib.
Bu ay Depardye 2021-ci ildə çəkilmiş “Yaşıl Panjurlar” filminin istehsalı zamanı iki qadına qarşı cinsi zorakılıq işi üzrə apellyasiya şikayətindən imtina edib. O, təqsirini etiraf edərək zərərçəkmişlərdən üzr istəyib və qadınlara zərər vermək niyyətinin olmadığını deyib. Aktyor 2025-ci ilin mayında 18 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.