QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Sahib Alıyev Qırmızı Xaç Komitəsinin regiondakı fəaliyyətini tənqid edərək qurumun bəyan etdiyi prinsiplərə əməl etmədiyini, qanunsuz hərəkətlərə və ayrı-seçkiliyə yol verdiyini bildirib.

Deputatın sözlərinə görə, Birinci Qarabağ müharibəsində əsir və girov götürülən 4 mindən artıq azərbaycanlının taleyi hələ də məlum deyil. O, bu vəziyyəti cinayət adlandırıb və Ermənistanın əməllərinə Komitənin də şərik olduğunu iddia edib.

Alıyev əsirlikdən və girovluqdan qayıdan şəxslərin xatirələrini əsas gətirərək bildirib ki, Qırmızı Xaç nümayəndələri saxlanılan azərbaycanlıların çoxunu görüblər, bəzən onlara qarşı işgəncələrin şahidi olublar. Onun fikrincə, Komitədə həmin şəxslərin sayı və siyahısı olmalı, Azərbaycana qaytarılmayanların sonrakı taleyi araşdırılmalı idi.

Deputat 54 azərbaycanlının vəziyyətini nümunə çəkib. Onun bildirdiyinə görə, Qırmızı Xaç 2000-ci ildə bu şəxslərin sağ olduğunu və həbsxanalarda saxlanıldığını təsdiqləyib. Daha sonra 17 nəfərin orada öldüyü açıqlanıb və onların cəsədləri qaytarılıb. Alıyev qalan 37 nəfərin harada olduğunu soruşaraq, Komitənin onların taleyi ilə maraqlanmadığını deyib. O, Azərbaycanda saxlanılan erməni əsirlərə isə qurumun diqqət göstərdiyini iddia edib.

Alıyev Komitənin Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüquqa münasibətini də tənqid edib. O, 1994-cü ildə Qarabağdakı keçmiş hərbi xunta ilə memorandum imzalanmasını, 2000-ci ildə isə Xankəndidə ofis açılmasını buna nümunə göstərib.

Deputatın sözlərinə görə, Komitə ofisin açılması ilə bağlı yerli rejimlə bağladığı sazişin məzmununu açıqlamayıb. Həmin rejimin qondarma xarici işlər naziri isə bu sazişə əsaslanaraq beynəlxalq qurumların onların müstəqilliyini tanıdığını iddia edib.

Alıyev təşkilatı “Beynəlxalq Qırmızı Xaç Komitəsi” adlandırmadığını bildirib. Onun sözlərinə görə, təşkilatın geniş ərazidə çalışması onu beynəlxalq qurum etmir; deputat Komitənin İsveçrənin və ona yaxın dairələrin maraqlarından çıxış etdiyini iddia edib.

O, Azərbaycanın torpaqlarını işğaldan azad etdiyi dövrdə Komitənin casusluqdan qaçaqmalçılığa qədər qanunsuz əməllərə yol verdiyini də söyləyib. Alıyev qurumun regiondakı fəaliyyətində dini ayrı-seçkilik gördüyünü və onun açıqlamalarının özü üçün əhəmiyyət daşımadığını qeyd edib.