Milli Məclisin plenar iclasında deputat Zaur Şükürov Azərbaycanın müxtəlif regionlarla beynəlxalq əməkdaşlığının inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan balanslı xarici siyasət çərçivəsində həyata keçirilir.
Deputat son aylarda Azərbaycanda təşkil olunan beynəlxalq tədbirləri, dövlət başçısının ikitərəfli və çoxtərəfli görüşlərini, habelə xarici dövlət və parlament rəhbərlərinin ölkəyə səfərlərini Azərbaycanın nüfuzunun yüksəlməsinin və etibarlı tərəfdaş kimi mövqeyinin göstəricisi kimi dəyərləndirib.
Şükürov Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrin fəallaşmasına da toxunub. O, 2022-ci ilin noyabrında Kambocada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası Parlament Assambleyasının (AIPA) 43-cü Baş Assambleyasında Milli Məclisə müşahidəçi statusu verilməsini mühüm hadisə adlandırıb.
Deputat bildirib ki, təşkilatın daxili qaydalarına görə belə müraciətlərə, adətən, 2–3 il ərzində baxılır. Azərbaycanın müraciəti isə prioritet qaydada dərhal təsdiqlənib. Şükürov bunu parlament diplomatiyasının uğurlu nəticəsi kimi təqdim edib.
O, bu il noyabrın 17–20-də AIPA-nın 47-ci Baş Assambleyasında iştirak üçün Filippinə edilən səfər barədə də danışıb. Səfər çərçivəsində keçirilən görüşlərdə və AIPA–Azərbaycan dialoqunda üzv parlamentlərin təmsilçiləri ölkədəki inkişafı və Azərbaycanın qlobal rolunun artmasını yüksək qiymətləndiriblər.