QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Dövlət Gömrük Komitəsinin yeni inzibati binasına beynəlxalq yaşıl bina sertifikatı (YeS-INT) təqdim edilib.
Sertifikat COP31-də Azərbaycan nümayəndə heyətində təmsil olunan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayevaya verilib.
Təxminən 25 min kvadratmetr sahəsi olan, 18 mərtəbəli binanın layihəsini Əməkdar memar Nəriman İmaməliyevin rəhbərliyi altında azərbaycanlı memarlar hazırlayıb. Layihələndirmə və tikinti işlərində də yalnız yerli memarlar, mühəndislər və inşaatçılar çalışıblar.
Memarlıq həlləri Bakının iqliminə uyğunlaşdırılıb. Oval quruluş və binanın əsas həcmləri arasındakı açıq sahə hava axınlarının yönləndirilməsinə, istilik itkisinin azaldılmasına şərait yaradır. Beşinci mərtəbədəki asma bağ təxminən 1200 kvadratmetr ərazini əhatə edir. Yaşıllıq sahəsi əməkdaşların istirahəti üçün imkan yaratmaqla yanaşı, mikroiqlimi yaxşılaşdırır və binanın istilik yükünü azaldır.
Enerjiyə qənaət üçün layihədə intellektual idarəetmə texnologiyalarından istifadə edilib. Fasad sistemləri günün vaxtına və hava şəraitinə uyğun olaraq günəş şüalarının təsirini avtomatik tənzimləyir, bununla da məkanların soyudulması ehtiyacını aşağı salır. Mühəndis sistemlərinin təxminən 90 faizi avtomatlaşdırılıb. İşıqlandırma təbii işıq miqdarı və məkanlardan istifadə rejimi nəzərə alınaraq 80-ə yaxın zonada idarə edilir.
Binada suya qənaət texnologiyaları və istiliyin bərpası sistemləri də quraşdırılıb. Bu, layihənin ilk mükafatı deyil: bina 2026-cı ildə keçirilən “Təməl” Milli Memarlıq Mükafatında “İctimai binaların memarlığı” nominasiyasının laureatı olub.