QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, iri dövlət investisiya layihələrinin təsdiqindən əvvəl onların 10 il ərzində tələb edəcəyi maliyyə vəsaitinin hesablanması təklif olunur.
Deputat Vüqar İskəndərov bu fikirləri Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndirib.
Onun sözlərinə görə, layihələndirmə zamanı obyektin tikinti xərcləri nəzərə alınsa da, sonrakı istismar dövrünün maliyyə yükü dəqiqliklə qiymətləndirilməlidir. İskəndərov bildirib ki, dövlət hesabına inşa edilən məktəblərin kommunal xidmət, texniki qulluq və əsaslı təmir xərcləri növbəti onillikdə də büdcədən qarşılanır. Eyni məsələ xəstəxana, idman kompleksi, inzibati bina və digər infrastruktur obyektlərinə də aiddir.
Deputat iri layihələr üçün “10 illik maliyyə öhdəliyi pasportu” mexanizminin yaradılmasını təklif edib. Bu sənəddə tikinti dəyəri ilə yanaşı, gələcək istismar və təmir xərcləri, eləcə də qənaət imkanlarının göstərilməsi nəzərdə tutulur.
İskəndərov dövlət proqramlarının maliyyələşdirilməsində də dövri qiymətləndirmə aparılmasını məqsədəuyğun sayıb. Təklifə görə, bəzi dəstək proqramlarının səmərəliliyi üç və ya beş ildən bir yoxlanmalı, məqsədlərə nail olanlar davam etdirilməli, nəticəsi zəif olanların mexanizmi isə yenilənməlidir. Əldə edilən qənaətin daha aktual ehtiyaclara yönəldilməsi təklif olunur.