QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov gənclərin aqrar sahədə startap və innovativ ideyalarını biznesə çevirmək üçün fəal olmasının vacibliyini bildirib.
O, bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi “V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumu”nun hesabat tədbirində səsləndirib. Zeynalovun sözlərinə görə, aqrar sektorda görülən işlərin nəticəsini qısa müddətdə müşahidə etmək, həmçinin müxtəlif təcrübə və sınaqlar aparmaq üçün geniş imkanlar var.
Nazir müavini qeyd edib ki, bu sahədə dövlət dəstəyi mövcuddur və Azərbaycanda subsidiyalar geniş əhatəyə malikdir. Özəl şirkətlər və fermerlər həmin subsidiyalardan yararlanırlar.
O, aqrar fəaliyyətdə süni intellektə əsaslanan proqram və həllərin tətbiqinə də toxunub. Bu vasitələr fermerlərin və sahibkarların işini yüngülləşdirir, həmçinin fəaliyyətin keyfiyyətini və məhsuldarlığı yüksəldir.