QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Milli Məclisin plenar iclasında deputat Elman Nəsirov Avropa rəsmilərinin son həftələrdə Azərbaycana artan səfərlərinin səbəbləri barədə danışıb. O, bu səfərlərin Prezident İlham Əliyevin xarici siyasətinin yaratdığı strateji dividendlərlə bağlı olduğunu bildirib.

Nəsirov Almaniya, İtaliya, Monteneqro, Gürcüstan, Litva və Estoniyadan yüksək vəzifəli şəxslərin Bakıya gəlişinin Avropanın Azərbaycan və regiona marağını əks etdirdiyini deyib. Deputat diplomatik fəallığın üç əsas amillə izah olunduğunu qeyd edib.

Onun sözlərinə görə, ilk səbəb Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yürütdüyü siyasətdir. Deputatın xatırlatdığına görə, Azərbaycan 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib. Hazırda isə 10-u Avropa İttifaqının üzvü olan 13 Avropa ölkəsinə təxminən 12,8–13 milyard kubmetr qaz satılır.

Nəsirov ikinci amil kimi nəqliyyat və logistika sahəsində Azərbaycanın rolunu göstərib. O bildirib ki, bir gün əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında yüksək səviyyəli nəqliyyat dialoqu keçirilib, ayın əvvəlində isə Aİ Orta Dəhlizin strateji əhəmiyyətini vurğulayıb.

Deputat üçüncü səbəbin regiondakı sülh prosesi olduğunu söyləyib. Onun fikrincə, Avropa ölkələri bölgədə davamlı sülhün Azərbaycanın iştirakı ilə təmin oluna biləcəyini anlayır və bu, Avropanın regional siyasəti baxımından həyati əhəmiyyət daşıyır.