QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 2027-ci ildən ev təsərrüfatlarının uçotu planşetlərdən istifadə edilməklə tam elektron formatda aparılacaq. Məlumatlar vahid informasiya sistemində toplanacaq və Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya ediləcək. Vətəndaşlar ev təsərrüfatlarına dair məlumatlarını sorğu vermədən “mygov” platformasında “bir pəncərə” prinsipi ilə nəzərdən keçirə biləcəklər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ev təsərrüfatlarının uçotu kənd yerlərində ötən əsrin 40-cı illərindən, şəhər və qəsəbələrdə isə 2012-ci ildən hər il aparılır. Proses inzibati ərazi dairələri üzrə nümayəndəliklərin iştirakı ilə, hər təsərrüfat üzrə sorğu əsasında həyata keçirilir. Qeydlər ailələrin faktiki yaşayış və təsərrüfat vəziyyətinə əsaslanır; istifadə və mülkiyyətdə olan torpaq sahələri, əmlak və digər göstəricilər də nəzərə alınır.

Bu ənənəvi uçot tədbirinin məqsədi əmlakı yoxlamaq və ya mülkiyyət hüquqlarını araşdırmaq deyil. Əsas məqsəd ölkədəki ev təsərrüfatlarının real vəziyyəti barədə dolğun məlumat əldə etməkdir. Toplanan göstəricilər əhalinin yaşayış şəraiti, sosial təminatı, məşğulluğu və fərdi təsərrüfat fəaliyyəti, xüsusən də kənd təsərrüfatı barədə məlumat bazasının yaradılmasına kömək edir.

Uçot nəticələri əhalinin sayı və yaş bölgüsü, ailələrin tərkibi, demoqrafik vəziyyət və miqrasiya proseslərinin araşdırılması, həmçinin insanların faktiki yaşadığı ünvanların dəqiqləşdirilməsi üçün istifadə olunur. Məlumatlar daxili yerdəyişməni, şəhərləşməni, kənd və şəhərlərdə məskunlaşma meyllərini, ucqar kəndlərdə sakinlərin sayını və daimi yaşayış yerində baş verən dəyişiklikləri müəyyən etməyə imkan verir. Faktiki əhali sayı və ünvanların dəqiqləşdirilməsi seçici siyahılarının yenilənməsinə və siyahıyaalmanın düzgün keçirilməsinə də dəstək verir.

Yaşayış məntəqələrinin sosial-iqtisadi mənzərəsi barədə məlumatlar regional inkişaf proqramlarının və sosial infrastrukturun təkmilləşdirilməsi tədbirlərinin ehtiyaca uyğun qurulmasına şərait yaradır. Bu yanaşma əhalinin həyat şəraitinin yaxşılaşdırılması və dövlət resurslarının səmərəli bölüşdürülməsi üçün əsas yaradır.

Uçot sosial müdafiəyə ehtiyacı olan ailələri müəyyənləşdirməyə, onların gəlir və məşğulluq durumunu qiymətləndirməyə, sosial xidmətlərdən istifadənin əlçatanlığını artırmağa kömək edir. Bununla dövlət dəstəyinin ümumi meyarlarla deyil, yaşayış məntəqələrinin və müxtəlif sosial qrupların konkret ehtiyacları nəzərə alınmaqla təşkil edilməsi mümkün olur.

Uçotun elektronlaşdırılması və dövlət informasiya sistemlərinə qoşulması aidiyyəti qurumlara aztəminatlı ailələr və onların sosial vəziyyəti barədə məlumatlara birbaşa çıxış verəcək. Nəticədə ünvanlı dövlət sosial yardımının və digər dəstək tədbirlərinin ehtiyacı olanlara daha operativ yönəldilməsi nəzərdə tutulur. Bu sistem vasitəçilərə ehtiyacı azaldacaq, dövlət xidmətlərindən istifadəni asanlaşdıracaq və dəstəyin ailələrə birbaşa çatmasına şərait yaradacaq.

Toplanan məlumatlar məşğulluq imkanlarının genişləndirilməsi, fərdi təsərrüfatlara və kənd təsərrüfatına dəstək, gəlir mənbələrinin artırılması üçün məqsədyönlü tədbirlərin hazırlanmasında da istifadə olunacaq. Beləliklə, dövlət proqramları və sosial-iqtisadi layihələr real ehtiyaclara əsasən planlaşdırıla, nəticələri və əhalinin rifahına təsiri qiymətləndirilə biləcək.

Məlumatlar gənclər, qadınlar və ailələr üzrə dövlət siyasətinin və proqramların hazırlanmasına da əsas verəcək. Onlardan qadın məşğulluğunun artırılması, gənclərin sosial və iqtisadi imkanlarının genişləndirilməsi, eləcə də demoqrafik inkişafın təşviqi üçün tədbirlərin müəyyənləşdirilməsində yararlanmaq mümkündür.

Rəqəmsallaşdırma məlumat təqdim edən vətəndaşların üzərinə düşən inzibati yükü azaltmağa hesablanıb. Gələn ildən əvvəllər yalnız sorğularla toplanan məlumatların bir hissəsi dövlət informasiya sistemlərindən götürüləcək. Bununla eyni məlumatların təkrar istənilməsinin qarşısı alınacaq, uçot daha çevik və səmərəli aparılacaq.

Fərdi məlumatların işlənməsi, istifadəsi və qorunması “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçiriləcək. Məlumatların təhlükəsizliyi və məxfiliyi təmin olunacaq.

Ev təsərrüfatlarının uçotu ailələrin real vəziyyətini müəyyənləşdirməklə yanaşı, sosial müdafiəni gücləndirmək, dövlət xidmətlərinə çıxışı yaxşılaşdırmaq və resursları daha səmərəli bölüşdürmək üçün informasiya bazası yaradır. Bu məlumatlar əsasında qəbul edilən qərarlar dövlət dəstəyinin ailələrin faktiki vəziyyətinə uyğunlaşdırılmasına və sosial-iqtisadi inkişafın daha düzgün planlaşdırılmasına xidmət edəcək.