QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarını xatırladıb.

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, günün ikinci yarısından etibarən respublika ərazisində, o cümlədən Bakı və Abşeron yarımadasında hava dəyişkən olacaq. Güclü külək, bəzi yerlərdə intensiv yağıntı və şimşək gözlənilir, ayrı-ayrı dağ çaylarında isə qısamüddətli sel və daşqın baş verə bilər.

FHN güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, binalardan və reklam lövhələrindən aralı dayanmağı tövsiyə edib. Elektrik dirəkləri və naqillərinin, eləcə də hündür ağacların altında durmaq təhlükəlidir. Nazirlik küləkli havada yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyin vacibliyini vurğulayıb. Kiçikhəcmli gəmi istifadəçilərinə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.

İntensiv yağış zamanı sel, daşqın və subasma təhlükəsi yarana biləcək yerlərdən uzaq durmaq lazımdır. Belə risklə qarşılaşan şəxslərə dərhal yaxınlıqdakı yüksək əraziyə qalxmaq, xilasedicilərin göstəriş və çağırışlarına əməl etmək tövsiyə olunub.

İldırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq və telefonla danışmamaq məsləhət görülür. Açıq havada elektrik xətlərinə, ildırımötürücülərə, navalçalara və antenalara yaxınlaşmaq, hündür ağacların altında gizlənmək olmaz. Avtomobildə olanlar hərəkəti dayandırmalı, şüşələri qaldırmalı və ildırımın keçməsini gözləməlidirlər.

Nazirlik təhlükə yaranarsa, 112-yə zəng etməyə çağırıb.