QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 6-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov nazirliyin tabeliyindəki qurumlarda çalışan Vətən müharibəsi iştirakçıları və qazilərlə bir araya gəlib. Görüş 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunub.
Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektoruna rəhbərlik edən, müharibə iştirakçısı Anar Xələfov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı və həmin sektorun əməkdaşı Cavidan Gözəlov iştirak ediblər. Hər ikisi Vətən müharibəsi iştirakçısıdır.
Həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin əməkdaşı Elsevər Salayev, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Layihələrin idarəolunması və dəstək şöbəsində çalışan Ayaz Əfəndiyev görüşə qatılıblar. Salayev müharibə iştirakçısı, Əfəndiyev isə həm iştirakçı, həm də qazidir.
Firudin Qurbanov 44 günlük müharibədəki qələbənin Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, ölkənin iqtisadi imkanlarının artırılması, ordunun müasir texnologiyalarla təminatı, xalqın birliyi və hərbçilərin qəhrəmanlığı ilə əldə olunduğunu qeyd edib. Nazir müavini döyüşlərdə iştirak etmiş əməkdaşların fədakarlığını və şücaətini yüksək dəyərləndirib, onların şərəfli tarixin bir hissəsi olduğunu söyləyib.
O, ölkənin güclənməsi və yeni çağırışlara hazır olması üçün süni intellekt və innovasiyalardan səmərəli yararlanmağın, gəncləri gələcəyin tələblərinə uyğun yetişdirməyin vacibliyinə diqqət çəkib. Qurbanovun sözlərinə görə, təhsil bilikli, sağlam və vətənpərvər nəslin formalaşmasına, eləcə də ölkənin gələcək inkişafına mühüm töhfə verir. O, çıxışının sonunda Vətənin müdafiəsində xidmət göstərən əməkdaşlara təşəkkür edib.
Görüşdə iştirakçılar döyüş yolu, xatirələri və müharibədən sonrakı fəaliyyəti barədə danışıblar. Onları maraqlandıran məsələlər də müzakirə olunub.
Tədbirin sonunda əməkdaşlara ölkənin ərazi bütövlüyü uğrunda xidmətlərinə və göstərdikləri qəhrəmanlığa görə minnətdarlıq bildirilib, işlərində uğurlar arzulanıb.