QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Fransa hakimiyyəti ölkədə davam edən kütləvi etirazlarla əlaqədar pirotexniki vasitələrin satışına və istifadəsinə müvəqqəti olaraq ümummilli qadağa tətbiq edib.
Qərar Fransa Respublikasının Rəsmi Bülletenində yayımlanandan sonra qüvvəyə minib. Sənədə əsasən, noyabrın 27-si də daxil olmaqla, Fransanın bütün ərazisində əyləncə üçün nəzərdə tutulan fişənglərin, petardaların, pirotexniki raketlərin, fişəng batareyalarının və digər partlayıcı vasitələrin satılması və istifadəsi yasaqdır. Məhdudiyyət xüsusi icazə əsasında işlədilən peşəkar pirotexniki vasitələrə aid deyil.
Hökumətin açıqlamasında bildirilib ki, bu vasitələr bayramlardan çox, etiraz aksiyalarında və qarşıdurmalarda silah kimi istifadə olunur. Fişənglərin, xüsusən nümayişlərdə və məktəblərin yaxınlığında, polis və jandarm əməkdaşlarına, eləcə də müəllim və şagirdlərə insan boyu səviyyəsində atıldığı qeyd edilib.
Fransada etirazlar sentyabrın ortalarında başlayıb. İlk aksiyalara Parisətrafı ərazilərdəki məktəblərin vəziyyətindən narazı yuxarı sinif şagirdləri çıxıblar. Sonradan yaşayış xərclərinin yüksəlməsinə etiraz edən həmkarlar ittifaqları və vətəndaşlar da nümayişlərə qoşulublar.
Aksiyalar daha sonra ölkə miqyasını əhatə edib. Ötən gün keçirilən nümayişlərdə 100 mindən çox şəxsin iştirak etdiyi bildirilir. Qarşıdurmalar zamanı 200-dən artıq aksiya iştirakçısı saxlanılıb. Polis bundan əvvəl etirazçıları dağıtmaq üçün dəfələrlə gözyaşardıcı qaz, səs qumbaraları və su şırnaqlarından istifadə edib.