QafqazNews Izvestia-a istinadən xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna xüsusi xidmətlərinin Xəzər dənizində Rusiya Hərbi-dəniz qüvvələrinin gəmilərinə və mülki gəmilərə hücum etmək məqsədilə partlayıcılarla təchiz edilmiş hidrovelosipedlərdən və digər vasitələrdən istifadə etməyi planlaşdırdığını bildirib.

FSB-nin 17 noyabr tarixli məlumatında bildirilir ki, hidrovelosipedlər ekipajsız döyüş katerlərinə çevrilərək hər biri TNT ekvivalentində 60 kiloqram partlayıcı daşıyacaq şəkildə təchiz olunmalıydı və bunlardan Hərbi-dəniz qüvvələrinin gəmiləri ilə yanaşı Xəzər akvatoriyasındakı mülki gəmilərə qarşı istifadə etmək nəzərdə tutulmuşdu.

Məlumatda deyilir ki, Ukrayna kəşfiyyatı və Təhlükəsizlik Xidməti (SBU) tərəfindən cəlb edilmiş Rusiya vətəndaşlarına qərb istehsalı 700 kiloqramdan çox partlayıcı, habelə hücum tipli dronlar və hidrovelosipedlər verilib. FSB qeyd edir ki, cəlb edilmiş şəxslərə ən azı 40 hücum kvadrokopteri və altı hidrovelosiped təqdim olunub.

Təchizat siyahısına həmçinin pilotsuz uçuş aparatlarının (PUA) yığılması və sazlanması üçün nəzərdə tutulmuş komponentlər və xüsusi avadanlıq da daxil edilib.

FSB bildirir ki, ölkə daxilində Ukrayna xüsusi xidmətlərinin terror fəaliyyətinin qarşısını almaq üçün əməliyyatın 2026-cı ilin ilk yarısında başladığı və sadalanan vasitələrin hərəkətinin xidmətin gizli nəzarəti altında həyata keçirildiyi vurğulanıb. Bəzi yüklər meteozondan və pilotsuz aparatlarla Rusiyaya gətirilib; 70-dən çox qurğu ələ keçirilib. Hidrovelosipedlər isə üçüncü ölkə əraziləri vasitəsilə daşınıb.