QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Süni İntellektlə Müasir Məktəb” layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün praktiki təlimlər keçirilib. Sessiyalara 18 məktəbdən 100 müəllim qatılıb.

Layihə müəllimlərin rəqəmsal bacarıqlarını artırmaq, süni intellekti tədrisə daxil etmək və təhsil prosesində texnologiyalardan səmərəli istifadəni təşviq etmək məqsədi daşıyır. Müəllimlərin marağı nəticəsində təlimlərdə iştirak edənlərin sayı əvvəlcədən nəzərdə tutulan hədəfi iki dəfə ötüb.

Azərbaycan, ingilis və rus dillərində təşkil olunan sessiyalarda süni intellektdən dərs zamanı istifadə yolları araşdırılıb. İştirakçılar dərs planı və tədris materialı hazırlamağa yararlı alətləri öyrənib, onların funksiyalarını praktiki tapşırıqlarla yoxlayıblar. Həmçinin “Gemini Gems” platformasında şəxsi süni intellekt köməkçilərinin yaradılması qaydaları təqdim olunub.

Proqramda süni intellektin hazırladığı məlumatların doğruluğunun yoxlanılması, eləcə də müvafiq alətlərin imkanları və məhdudiyyətləri nəzərdən keçirilib. Bu iş müəllimlərin süni intellektdən texnoloji vasitə olmaqla yanaşı, tənqidi yanaşma və peşəkar qiymətləndirmə üçün də yararlanmaq bacarıqlarını inkişaf etdirməyə yönəlib.

SIMM layihəsi növbəti mərhələlər üzrə davam edir. Müəllimlərin bir-birindən öyrənməsi və təcrübə bölüşməsi prinsipinə əsaslanan təşəbbüs əhatə dairəsini artırmağı, pedaqoqların əməkdaşlığını möhkəmləndirməyi, məktəblərdə davamlı qarşılıqlı öyrənmə və praktiki dəstək mühiti yaratmağı hədəfləyir.