QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmir sonrası açılış mərasimində iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib. Təmir işlərinə nazirliyin sifarişi ilə 2025-ci ilin martında başlanıldığı bildirilib.

İkimərtəbəli tədris binası 360 nəfərlikdir. Burada 9 emalatxana, 3 təlim sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası üçün emalatxana, 5 dərs otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, eləcə də yeməkxana yerləşir.

Mərkəzin beşmərtəbəli yataqxanasında akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, adi və elektron kitabxana, tədris, yataq, istirahət və fitnes otaqları, həmçinin ictimai iaşə obyekti fəaliyyət göstərir.

İnsan kapitalının inkişafı və müasir təhsil infrastrukturunun qurulması dövlət siyasətinin əsas istiqamətləri sırasındadır. Son illər ölkə üzrə yüzlərlə yeni məktəb tikilib, mövcud təhsil müəssisələri əsaslı təmir olunaraq müasir texnoloji avadanlıqlarla təmin edilib.

Şuşa Peşə Təhsili Mərkəzinin bölgədə aparılan bərpa və quruculuq işlərinə qatılacaq yerli ixtisaslı kadrların və peşəkar mütəxəssislərin hazırlanmasında mühüm rol oynayacağı qeyd olunur.