QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutunun icraçı direktoru təyin edilib. Ayrı bir əmrlə ona institutun baş direktorunun vəzifə öhdəliklərini müvəqqəti icra etmək tapşırılıb.

Noyabrın 11-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri Ülkər Səttarova Kərimovanı institutun əməkdaşlarına təqdim edib. Görüşdə elmi işlərin təkmilləşdirilməsi, tədqiqatların səmərəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və elmi nəticələrin praktikada tətbiqi müzakirə olunub. Həmçinin institutun gələcək fəaliyyət planı və əsas vəzifələri diqqətə çatdırılıb.

Kərimova 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində biologiya üzrə bakalavr, 2015–2016-cı illərdə isə Birləşmiş Krallığın Aberdin Universitetində genetika üzrə magistr təhsili alıb. 2023-cü ildə “Azərbaycanda xroniki mieloid leykozlu xəstələrdə genetik variasiyaların molekulyar identifikasiyası” mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini qazanıb.

2016–2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Genetik Ehtiyatlar İnstitutunda elmi fəaliyyət göstərib, eyni zamanda Bakı Dövlət Universitetində dərs deyib. 2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində araşdırmalarını davam etdirib. 2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi işləyib.

Onun elmi maraq dairəsinə molekulyar genetika, genetik polimorfizmlər, onkogenetika və fərdiləşdirilmiş tibb daxildir. Kərimova 15 məqalə və 3 konfrans tezisi olmaqla 18 elmi əsərin müəllifi və həmmüəllifidir.