QafqazNews Manset.az-a istinadən xəbər verir ki, sosial şəbəkə və veb-sayt göstəricilərinin süni şəkildə artırıldığı müəyyənləşərsə, onlayn media subyektinə həmin ay üçün nəzərdə tutulan maliyyə yardımı verilməyəcək.
Bu barədə Azərbaycan Respublikası Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli bildirib.
Onun sözlərinə görə, səhifə baxışları, sayta girişlər, sosial şəbəkə izləyicilərinin sayı və qarşılıqlı əlaqə göstəriciləri proqram təminatı və ya başqa vasitələrlə real istifadəçi marağını və aktivliyini əks etdirməyəcək şəkildə artırılarsa, bu rəqəmlər qiymətləndirməyə daxil edilməyəcək.
Məmmədli qeyd edib ki, maliyyə yardımı ayrılan müddətdə veb-saytın və ya sosial şəbəkə hesablarının göstəricilərində saxtalaşdırma aşkarlandıqda, ödəniş həmin ay üçün dayandırılacaq və media subyektinə xəbərdarlıq ediləcək. “Bu hal ikinci dəfə təkrarlandıqda isə müqaviləyə xitam veriləcək və media subyekti növbəti yarım il üçün elan edilən müsabiqədə iştirak edə bilməyəcək”, – deyə o vurğulayıb.
Şöbə müdirinin fikrincə, bu prinsip rəqəmsal etika çərçivəsindən kənar rəqabətin qarşısını almağa xidmət edəcək.