QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Günəşdə aktivliyin ümumi azalmasına baxmayaraq, gecəyarısı yaxınlığında güclü alışma qeydə alınıb.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu ilə Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasının məlumatına görə, hadisə Günəşin 4566 nömrəli əsas aktiv zonasında baş verib. M kateqoriyasına aid alışma M1.7 gücündə olub. Bu göstərici həmin sinfin aşağı həddinə uyğundur. Sonradan daha zəif, C kateqoriyalı bir neçə alışma da müşahidə edilib.
Qısamüddətli yüksəlişə rəğmən, Günəşdəki ümumi vəziyyətin dəyişmədiyi bildirilir. Yeni güclü partlayışlar üçün enerji ehtiyatının əsasən tükəndiyi, aktiv zonalarda isə günəş ləkələrinin parçalanmasının davam etdiyi qeyd olunur.
Rentgen şüalanmasının intensivliyinə əsasən günəş alışmaları A, B, C, M və X olmaqla beş sinfə ayrılır. Ən aşağı A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nVt şüalanma gücünə bərabərdir; hər növbəti sinfə keçdikdə göstərici onqat artır.
Günəş alışmaları plazmanın kosmosa atılması ilə müşayiət oluna bilər. Belə plazma buludları Yerə çatarsa, maqnit fırtınaları yarada bilər.