QafqazNews Manset.az-a istinadən xəbər verir ki, mütəxəssis günorta saatlarında yaranan halsızlığın və enerji azalmasının səbəblərindən birinin düzgün qidalanmamaq olduğunu bildirib.

Zülal və ya lif miqdarı az olan nahar günün ikinci yarısında yorğunluğu, diqqətin yayınmasını və zehni dağınıqlığı gücləndirə bilər. Mütəxəssis enerji toplamaq üçün qəhvə və şirniyyata üz tutmağın doğru seçim olmadığını vurğulayıb. Orqanizmin enerji ehtiyacını ödəmək üçün ət, yumurta və balıq kimi zülallı qidaların qəbul edilməsi tövsiyə olunur.

Həkimin sözlərinə görə, yeməkdən sonra 10-20 dəqiqə sürətli gəzmək qan şəkərinin tənzimlənməsinə yardım edir və günorta yuxululuğunu azalda bilər. Bir stəkan su içmək, eləcə də az miqdarda çərəz yemək də enerji səviyyəsinin yüksəlməsinə dəstək verir. Çərəzdəki sağlam yağlar orqanizm üçün uzunmüddətli enerji mənbəyidir.

Mütəxəssislər təxminən saat 15:00-da müşahidə olunan enerji enişini qismən insanın bioloji saatı, yəni sirkadiyal ritmlə əlaqələndirirlər. Qan şəkərinin sürətlə düşməsi isə halsızlığı daha da artıra bilər.

Qlükoza səviyyəsi qəfil azaldıqda orqanizm enerjini tez bərpa etməyə çalışır və bu, şirniyyatla yüksək karbohidratlı qidalara istəyi gücləndirir. Qlükoza beynin əsas enerji mənbəyi olduğuna görə onun azalması diqqəti cəmləməyi də çətinləşdirir.