QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, general-mayor Natiq Əliyevin qızı Türkan Əliyeva şübhəli şəxs qismində saxlanılıb və onun barəsində müvafiq tədbirlər görülüb. Vəkili Riçard İsmayılov iş üzrə istintaqın gedişini açıqlayıb.

İsmayılovun sözlərinə görə, araşdırma əvvəlcə Türkan Əliyevanın müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsində başlayıb. Sonradan istintaqın aidiyyəti üzrə aparılması üçün qrup yaradılıb və hərəkətlərin Sumqayıt Şəhər Prokurorluğunda davam etdirilməsi barədə qərar verilib. Hazırda istintaq həmin prokurorluqda aparılır.

Vəkil bildirib ki, bu mərhələdə Əliyevaya Cinayət Məcəlləsinin 178-ci maddəsi, yəni dələduzluq üzrə ittiham irəli sürülüb. Onun qeyd etdiyinə görə, müraciətlər Türkan Əliyevanın özünün şikayəti və “ASAN xidmət”lə 4 saylı ərazi idarəsində baş verdiyi bildirilən hadisələrlə əlaqəlidir.

İsmayılov əlavə edib ki, hazırkı iş üzrə istintaq hərəkətləri Azərbaycan Respublikası Təmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayevin şikayəti əsasında da davam etdirilir.