QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, bazarlarda qozu suya salaraq daha təzə və keyfiyyətli göstərmək, eyni zamanda çəkisini artırmaq məqsədilə satışa çıxaran satıcılarla bağlı qanunvericilikdə cərimələr nəzərdə tutulur.
Azərbaycanda təbii yaş qoz mövsümü avqustun sonundan sentyabrın sonunadək davam edir. Oktyabrın ortasından, xüsusilə noyabr və dekabr aylarında belə qoz bazarlarda olmur. Bu dövrdə “yaş qoz” adı ilə satılan məhsulun qurudulmuş köhnə qozun isladılmış forması olduğu bildirilir.
Patrul.az-ın araşdırmasında bu əməlin istehlakçını aldatmaq və qida təhlükəsizliyi qaydalarını ciddi şəkildə pozmaq kimi qiymətləndirildiyi qeyd olunur. İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi alıcının malın çəkisi, ölçüsü, hesabı, istehlak xüsusiyyətləri və ya keyfiyyəti barədə 5000 manatadək məbləğdə aldadılmasını qadağan edir.
Bu pozuntuya görə fiziki şəxslər 350–500 manat, vəzifəli şəxslər 1500–2000 manat, hüquqi şəxslər isə 4000–6000 manat cərimələnə bilər. Məcəllənin 447.0.3-cü maddəsinə əsasən, keyfiyyət və saxlanma standartlarına uyğun gəlməyən məhsulun satışa çıxarılması da inzibati məsuliyyət yaradır.
İstehlakçılara dəyən zərər 5000 manatı keçərsə, əməl cinayət hesab oluna bilər. Bu halda satıcı barəsində Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə — istehlakçıları aldatma və ya keyfiyyətsiz məhsul istehsal edib satma ilə bağlı cinayət işi başlana bilər.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun satıcının məhsul barədə doğru məlumat verməsini və alıcını onun həqiqi xüsusiyyətləri ilə bağlı yanıltmamasını tələb edir. Quru və ya köhnə qozun “təzə yaş qoz” kimi təqdim olunması bu tələbin pozulmasıdır. Alıcı keyfiyyətsiz məhsulu geri qaytara bilər; qozda rütubət səbəbindən kiflənmə və ya xarab olma aşkarlandıqda isə ödədiyi məbləğin tam qaytarılmasını tələb etmək hüququ var.
“Qida təhlükəsizliyi haqqında” Qanun tərkibi və keyfiyyət göstəriciləri süni dəyişdirilən, insan sağlamlığı üçün risk yaradan məhsulların satışını qadağan edir. Qozun qəsdən suda saxlanması onun daxilində zərərli kif göbələkləri və toksinlərin sürətlə yaranmasına səbəb ola bilər.
Belə hallarla rastlaşan vətəndaşlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 195-1-4, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 qaynar xəttinə müraciət edə bilərlər.