QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp videomüraciətlərində Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin rəsmi fəaliyyətə başladığını bildiriblər.

Ermənistanın baş naziri bunu ölkəsinin müasir tarixində mühüm hadisə adlandırıb. Paşinyan qeyd edib ki, layihənin və Ermənistanla ABŞ hökumətlərinin birgə həyata keçirdiyi regional blokadanın aradan qaldırılması planının praktiki mərhələsi başlayıb. Onun sözlərinə görə, Ermənistan müstəqillik əldə etdikdən sonra ən böyük iqtisadi proqramını işə salır.

Paşinyan TRIPP-in Cənubi Qafqaz ölkələrinin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına tam hörmət çərçivəsində fasiləsiz, multimodal tranzit əlaqələri yaratmağı nəzərdə tutduğunu deyib.

Baş nazirin sözlərinə görə, layihə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu və Qərb-Şərq nəqliyyat bağlantısını canlandırmaqla regional və beynəlxalq əhəmiyyət qazanacaq. O əlavə edib ki, Ermənistanla Azərbaycan arasında sülhün təmin olunmasına xidmət etməklə yanaşı, TRIPP ölkəsinin iqtisadi inkişafı və təhlükəsizliyinin güclənməsi baxımından da vacibdir. Paşinyan layihənin Ermənistanın mövqeyini möhkəmləndirəcəyini və ölkənin sabitliyi ilə təhlükəsizliyində maraqlı olan tərəflərin sayını artıracağını vurğulayıb.

Donald Tramp Ermənistanın baş nazirini cəsarətli liderliyinə görə təbrik edib. ABŞ prezidenti bildirib ki, Paşinyan sülh yolunu seçib və Ermənistanla Azərbaycan arasında 35 ildən artıq davam edən münaqişəyə son qoymaq üçün ABŞ-la əməkdaşlıq edib. Trampın sözlərinə görə, çoxlarının nəticə əldə edə bilmədiyi bu prosesdə irəliləyişə nail olunub və ötən il Ağ Evdə tarixi sülh sazişi imzalanıb.

Tramp qeyd edib ki, TRIPP çərçivəsində ABŞ-Ermənistan tərəfdaşlığı mallar və enerji axınları üçün yeni ticarət yolları yaradacaq. O, layihənin uğurla həyata keçirilməsi üçün qətiyyətli olduqlarını söyləyib.

ABŞ Prezidenti Paşinyanı 2027-ci ildə Ağ Evə dəvət edib.