QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İsrailin Maliyyə Nazirliyi və Vergi İdarəsi ölkədən köçərək vergi rezidenti statusunu itirənlər üçün “çıxış vergisi” qaydalarının sərtləşdirilməsini təklif edib.
Təşəbbüs 2027-ci ilin dövlət büdcəsi hazırlanarkən gündəmə gətirilib. Qəbul olunacağı təqdirdə, İsraildən gedən şəxslər bəzi aktivləri satmasalar belə, onların dəyər artımına görə dərhal vergi ödəməli ola bilərlər. Vergi öhdəliyi ölkəni tərk etməklə deyil, İsrail vergi rezidentliyinin sona çatması ilə bağlıdır.
Hazırda bu sahə Vergi Məcəlləsinin 100A maddəsi ilə tənzimlənir. Qaydaya görə, rezidentliyi başa çatan şəxsin müəyyən aktivləri vergi hesablaması üçün ölkədən ayrıldığı tarixdə satılmış sayılır. Mövcud sistemdə isə aktivlər həqiqətən satılanadək vergi ödənişini təxirə salmaq mümkündür. Yeni plan bəzi aktivlər üzrə bu imkanı ləğv edərək verginin rezidentlik bitən kimi ödənməsini nəzərdə tutur.
Məsələn, İsraildən köçənədək 100 min şekelə aldığı səhmlərin dəyəri 160 min şekel olan şəxs üçün 60 min şekellik artım vergiyə cəlb edilə bilər. Səhmlər satılmadığına görə investor həmin qazancı faktiki əldə etməsə də, kağız üzərindəki artım vergi borcu yarada bilər.
Təklifdə aktivlərin növü və dəyərinə uyğun müxtəlif qaydalar yer alır. Səhmlər, qiymətli kağızlar və kriptovalyutalar üzrə verginin rezidentlik başa çatdıqda dərhal ödənməsi planlaşdırılır. Dəyəri 5 milyon şekelə qədər olan bəzi az likvid aktivlər, o cümlədən özəl şirkətlərdəki paylar üçün ödənişin təxirə salınması mümkün ola bilər. Bunun üçün köçməzdən qabaq aktivlər barədə ətraflı bəyannamə vermək tələb olunacaq. Dəyəri 5 milyon şekeldən çox olan aktivlər üzrə möhlət almaq üçün isə təminat və ya girov istənə bilər.
Dəyişikliklər vergi rezidentliyinin müəyyənləşdirilməsinə dair meyarları da əhatə edir. 183 günlük hədd əsas göstəricilərdən biri kimi nəzərdə tutulub. Yoxlanılan ildə ölkədə keçirilmiş günlər bütöv hesablanacaq, əvvəlki və sonrakı illərdəki günlər isə 25 faiz çəkisi ilə nəzərə alınacaq. Həyat yoldaşı İsraildə ən azı 120 gün qaldıqda, həmin iki ilin hesablanmasında çəkinin 30 faizə çatdırılması təklif olunur.
Qeyri-rezident sayılmaq üçün alternativ şərtlər də irəli sürülüb: şəxs yoxlanılan il ərzində İsraildə 90 gündən az, üç il ərzində isə cəmi 135 gündən az qalmalıdır. Bu göstəricilərdən heç biri uyğun gəlmədikdə, şəxsin “həyat mərkəzi”nin hansı ölkədə yerləşdiyi araşdırılacaq. Bu zaman ailə, iş, əmlak və digər şəxsi-iqtisadi əlaqələr nəzərə alınacaq. Bir ilədək xaricə köçənlər üçün ayrıca prosedurun hazırlanması da təkliflər arasındadır.
Planlar qüvvəyə minərsə, köçməyi düşünənlər üçün İsraildə keçirdikləri günlər, ailə bağları və maliyyə aktivləri daha mühüm rol oynaya bilər. Hələlik bu tədbirlər 2027-ci il büdcəsi çərçivəsində təqdim olunan təkliflərdir; planın təfərrüatlarının yaxın həftələrdə açıqlanması gözlənilir.
Əsas sual isə satılmamış səhmlərin bahalaşmasından yaranan verginin necə ödənəcəyidir: investor hələ əldə etmədiyi gəlirə görə real vəsaiti haradan tapmalıdır?