QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İspaniya yığmasının keçmiş yarımmüdafiəçisi Xuan Mata peşəkar futbolçu kimi çıxışlarını dayandırıb.

Futbolçu sosial şəbəkədə paylaşdığı vida mesajında “Bəzən sevmək, sevdiyin şeydən imtina etmək deməkdir. Təşəkkürlər, futbol!” sözlərini yazıb.

Mata həm milli komanda, həm də klub səviyyəsində nüfuzlu turnirlərin qalibi olub. İspaniya yığması ilə 2010-cu ildə dünya çempionu, 2012-ci ildə isə Avropa çempionu adını qazanıb. Klub karyerasında 2012-ci ildə Çempionlar Liqasını, 2013 və 2017-ci illərdə Avropa Liqasını qazanıb.

Onun titulları arasında 2008-ci ildə əldə etdiyi İspaniya Kral Kuboku, 2012 və 2016-cı illərdə qazandığı İngiltərə Federasiya Kuboku, eləcə də 2017-ci ilin İngiltərə Liqa Kuboku da var. Karyerasının son illərində müxtəlif qitələrdə oynayan Mata 2023-cü ildə Türkiyə və Yaponiya çempionatlarının qızıl medallarına sahib olub.