QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, fərdi jurnalist müsabiqəsində iştirakçıların özlərinin idarə etdiyi rəqəmsal hesablarda yerləşdirdikləri materialların auditoriya reaksiyası da qiymətləndiriləcək.
Azərbaycan Respublikası Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli APA-ya müsahibəsində bildirib ki, müsabiqəyə maraqlı, ictimai əhəmiyyət daşıyan və jurnalistika standartlarına cavab verən materialların təqdim olunması gözlənilir.
Onun sözlərinə görə, yeni qaydaya əsasən, namizədin müsabiqəyə təqdim etdiyi materialla əlaqədar şəxsi rəqəmsal hesablarında paylaşdığı məzmun da qiymətləndiriləcək.
Natiq Məmmədli qeyd edib ki, əsas meyar qarşılıqlı əlaqələrin ümumi sayıdır. Hesablamaya bəyənmələr, şərhlər, təkrar paylaşımlar (share) və saxlamalar (save) daxil ediləcək.
Şöbə müdiri vurğulayıb ki, bu üsul materialın peşəkar səviyyəsi ilə yanaşı, onun auditoriyaya çatmasını və rəqəmsal mühitdə yaratdığı təsiri də nəzərə almağa şərait yaradacaq.