QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu milli komandadakı karyerasını bitirdiyini açıqlayıb.

41 yaşlı futbolçu qərarını sosial şəbəkə hesabında paylaşıb. O, Portuqaliya yığmasının formasını 23 il geyinməyin həm şərəf, həm də məsuliyyət olduğunu vurğulayıb.

Ronaldu paylaşımında yeddi nömrəli formanı geri qaytarmaq vaxtının çatdığını qeyd edib. O bildirib ki, həmin formanı heç vaxt yalnız özünə aid saymayıb, lakin 23 il ərzində onu geyinmək, qorumaq və dünyanın müxtəlif stadionlarında təmsil etmək onun üçün imtiyaz və məsuliyyət olub. Futbolçu bu formanı artıq gələcək nəslə ötürəcəyini yazıb.

O, qərarın asan olmadığını, 2003-cü ilin avqustunda başlayan və həyatını dəyişən yolun sona çatdığını diqqətə çatdırıb. Ronaldu milli komandada qazandığı qələbələri, məğlubiyyətləri, rekordları və titulları da xatırladıb. Portuqaliyanı təmsil etməklə daim qürur duyduğunu və yığma üçün əlindən gələni etdiyini bildirib.

Futbolçu komanda yoldaşlarına, məşqçilərə, federasiya əməkdaşlarına, ailəsinə, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan portuqaliyalı azarkeşlərə minnətdarlığını ifadə edib. O, milli komanda ilə meydandakı yolunun başa çatdığını, bu yoldan qürurla və Portuqaliya üçün əlindən gələni etdiyinə əmin halda ayrıldığını yazıb. Ronaldu Portuqaliyanın uğurlarına sevinəcəyini və xalqın bir parçası olaraq qalacağını da vurğulayıb.

Kriştianu Ronaldu Portuqaliya millisində debütünü 2003-cü ilin avqustunda edib. O, yığmanın heyətində 2016-cı ildə Avropa çempionu, 2019 və 2025-ci illərdə isə UEFA Millətlər Liqasının qalibi olub.