QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Norveçin “Vikinq” klubuna 1:4 hesabı ilə məğlubiyyəti şərh edib.

Litvalı mütəxəssis komandanın hazırlığını və meydandakı mübarizəsini dəyərləndirərək bildirib ki, Çempionlar Liqasında oyunlar çətin keçir. Onun sözlərinə görə, “Sabah” Norveçə yaxşı hazırlaşmışdı və ilk hissədə komandalar bərabər mübarizə aparıb, yaratdıqları qol imkanlarından yararlanıblar. İkinci hissədə isə oyun daha açıq xarakter alıb.

Dambrauskas ikinci yarıda hücum zamanı diqqətsiz davranaraq çoxsaylı səhvlərə yol verdiklərini deyib. Bir toxunuşla ötürmələrə həddən artıq meyillənməyin oyunu çətinləşdirdiyini, top itkilərinə səbəb olduğunu vurğulayıb. Baş məşqçinin bildirdiyinə görə, qırmızı vərəqə ilə nəticələnən epizodda da qeyri-dəqiq ötürmə topun rəqibə çatması ilə yekunlaşıb.

O, komandanın yoluna davam etməli və buraxdığı səhvlərdən nəticə çıxarmalı olduğunu söyləyib. Dambrauskas hesabın oyunun gedişatını tam əks etdirmədiyini, meydandakı mübarizəyə görə fərqin böyük alındığını qeyd edib. Baş məşqçi Çempionlar Liqasının səviyyəsinin fərqli olduğunu və kiçik səhvin belə qola gətirib çıxara biləcəyini bildirib.