QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, “Qızıl top”un son qalibi Harri Keyn karyerasını “Bavariya”da davam etdirəcək. Münhen klubu ingiltərəli hücumçu ilə yeni müqavilə bağlayıb.
Razılaşmaya görə, 32 yaşlı futbolçu 2029-cu il iyunun 30-dək Almaniya təmsilçisinin heyətində olacaq.
Keyn 2023-cü ilin yayında “Tottenhem”dən “Bavariya”ya transfer olunub. O, klubda keçirdiyi 161 rəsmi oyunda 156 qol vurub, 40 məhsuldar ötürmə verib.
Hücumçu “Bavariya” ilə iki dəfə Bundesliqanın qalibi olub, Almaniya Kubokunu və Frans Bekkenbauer Superkubokunu iki dəfə qazanıb. O, Münhen klubundakı ilk üç mövsümünün hər birində Bundesliqanın bombardiri adını əldə edib.
Keyn 2023/24 və 2025/26 mövsümlərində Avropanın ən sərrast futbolçusu kimi “Qızıl buts” mükafatına layiq görülüb. 2026-cı ildə isə “Qızıl top”u qazanıb.
İngiltərə millisinin kapitanı olan Keyn 2026-cı ildə Kanada, Meksika və ABŞ-də keçirilən dünya çempionatında yığma komandası ilə üçüncü yeri tutub.