QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, BakıKart və Mastercard-ın birgə kampaniyası çərçivəsində uyğun ödəniş edən sərnişinlər metro və avtobuslarda hər dördüncü gedişə görə 1 qəpik ödəyəcəklər.

BakıKart MMC-nin Bizim.Media-nın sorğusuna cavabında bildirilənə görə, güzəşt Azərbaycanda fəaliyyət göstərən bankların emissiya etdiyi Mastercard kartları ilə Apple Pay və Google Pay üzərindən NFC texnologiyası ilə edilən təmassız ödənişlərə aiddir. Kampaniya Bakı ərazisində bu üsulla ödəniş qəbul edən bütün ictimai nəqliyyat vasitələrini əhatə edir.

Sərnişin üç gedişi standart tariflə ödədikdən sonra növbəti, yəni dördüncü gediş üçün güzəşt qazanır. Bu səfərdə kart hesabından 0,01 manat tutulur. Üç gedişin eyni gündə edilməsi şərt deyil; onlar müxtəlif günlərə düşə bilər.

Bir kartla təqvim ayı ərzində ən çox beş dəfə 1 qəpiklik gedişdən istifadə etmək mümkündür. Üç ödənişdən sonra yaranan güzəşt hüququ isə 30 gün ərzində qüvvədə qalır.

BakıKart kampaniyanın bütün Abşeron yarımadasını əhatə etdiyini açıqlayıb. Beləliklə, şəhərətrafı ərazilərin sakinləri də təklifdən yararlana biləcəklər. Təşəbbüs təmassız ödənişləri təşviq etmək, gündəlik nəqliyyat xərclərini azaltmaq və sərnişinlərə daha sərfəli ödəniş imkanı yaratmaq məqsədi daşıyır.