QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qəza və ya məcburi dayanma zamanı sürücüləri təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.

İdarənin açıqlamasında qeyd olunur ki, qaydalara əməl edilməməsi bəzi hallarda ağır nəticələrə gətirib çıxarır. Hava və yol şəraiti, hərəkətin intensivliyi, görmə məhdudiyyəti, eləcə də günün işıqlı və ya qaranlıq olması nəzərə alınmadan nəqliyyat vasitəsinin hərəkət hissəsində saxlanması təhlükəli vəziyyət yarada bilər.

Qanunvericiliyə görə, qəza və ya texniki nasazlıq baş verdikdə sürücü əvvəlcə qəza işıq siqnalını yandırmalı, dayanma nişanını yerləşdirməli və mümkün qədər tez yolun hərəkət hissəsini boşaltmalıdır.

Dayanma nişanı avtomobildən minimum 30 metr aralıda quraşdırılmalı, digər sürücülər onu vaxtında görə bilməlidir. Nəqliyyat vasitəsi sıradan çıxdıqda onu yoldan tam kənara çəkmək, bu mümkün deyilsə, səkiyə və ya yol çiyninə yerləşdirmək, habelə hərəkət iştirakçılarını xəbərdar etmək üçün lazımi tədbirləri görmək tələb olunur.

Baş Dövlət Yol Polisi İdarəsi səhlənkarlığın dəfələrlə ağır faciələrə səbəb olduğunu bildirərək sürücülərə özlərinin və başqalarının həyatına, sağlamlığına laqeyd yanaşmamağı xatırladıb.