QafqazNews Manset.az-a istinadən xəbər verir ki, yerdənkənar həyat barədə müzakirələr müasir elmin yaranmasından minilliklər əvvəl Qədim Yunanıstanda aparılıb. Eramızdan əvvəl 500–428-ci illərdə yaşamış filosof Anaksaqor Ayın adi səma cismi olduğunu və onun dağlarında canlıların mövcud ola biləcəyini düşünürdü.

Klazomenayda, indiki İzmirin yaxınlığında doğulan Anaksaqor kainatdakı prosesləri miflərlə deyil, təbiət hadisələri ilə izah etməyə çalışan mütəfəkkirlərdən biri sayılır. O, dövründə qəbul olunan inanclara zidd mövqeyinə görə dinsizlikdə ittiham edilmiş və Afinadan sürgün olunmuşdu.

Filosofun fikirləri arasında Ayda başqa canlıların yaşaya bilməsi xüsusi yer tuturdu. Onun Ay dağlarında yerdənkənar həyatın mövcudluğu barədə ehtimalı kosmosda həyat axtarışına dair bugünkü sualın qədim nümunələrindən hesab edilir.

Anaksaqorun səma cisimlərinə dair təsəvvürləri dövrünün ənənəvi baxışlarından fərqlənirdi. Qədim Yunanıstanda Günəşin hərəkəti tanrı Heliosun atlı arabası ilə səfəri kimi izah olunurdu.

Anaksaqor isə Günəşi ilahi varlıq deyil, közərmiş metal tərkibli nəhəng kütlə hesab edirdi. Ulduzları da yüksək temperaturlu qayalar kimi təsvir edir, Ayın müqəddəs və işıq saçan varlıq yox, böyük, qayalıq səma cismi olduğunu bildirirdi.