QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, XX əsrin tanınmış çex aktrisası Lida Baarovanın (7 sentyabr 1914 – 27 oktyabr 2000) həyatını şöhrət, siyasi qalmaqal və ağır şəxsi itkilər müşayiət edib. Bəstəkar Rixard Ştraus və şair Pol Elüar onun sənətinə yüksək qiymət verib, Ernest Heminquey və Jan Qaben isə gözəlliyinə heyran qalıblar. Aktrisanın həyatında dərin iz buraxan əsas münasibət nasist Almaniyasının təbliğat naziri Yozef Gebbelslə olub.

Praqada dünyaya gələn Baarova həm səhnədə, həm də kinoda istedadı ilə seçilib. Onun əsl adı Lüdmila Babkova idi. Aktrisa fəaliyyətə Praqa Milli Teatrında başlayıb. Təcrübəli teatr xadimi Leopolda Dostalova gənc sənətçiyə dəstək verib və onun qabiliyyətini erkən görənlərdən olub.

Baarovanın baş rol oynadığı “Salome” tamaşasına baxan UFA kinostudiyasının prodüseri onu Berlinə dəvət edib. Aktrisa təklifi qəbul edərək Almaniyaya yollanıb. 1934-cü ildə nümayiş olunan “Barcarole” filmi ona geniş tanınma qazandırıb. O, ekran əsərlərində əsasən müsbət obrazları, xüsusilə çətin həyat yaşayan qadınları canlandırıb.

Hollivud Baarovaya yeddiillik müqavilə təklif etsə də, ingilis dilini bilmədiyinə görə aktrisa bu fürsətdən yararlanmayıb. Rejissor Leni Rifenştal ona təklifi qəbul etməyi məsləhət görmüşdü. Baarova sonradan qərarından peşman olsa da, 1930-cu illərin ortalarında Avropada şöhrəti artmaqda davam edirdi.

Adolf Hitler də aktrisaya rəğbət bəsləyirdi, lakin Baarova ondan ehtiyat edirdi. Berlin yaxınlığında qonşuluqda yaşadığı Yozef və Maqda Gebbels cütlüyünün evində isə münasibətlər fərqli istiqamətdə inkişaf etdi. Yozef Gebbels Lidaya çiçəklər və bahalı hədiyyələr göndərir, onu qəbullara dəvət edirdi. Aktrisa ona aşiq olmuşdu. Bu arada Maqda beş uşağı ilə evdə qalırdı.

Gebbels Baarovanın filmlərinin premyeralarına qatılır, onların münasibəti ictimaiyyətin diqqətini çəkirdi. Nazir Lida ilə evlənmək üçün Maqdadan boşanmağa hazır olduğunu bildirmişdi. Maqda isə ailəni dağıtmamaq üçün çalışırdı.

Vəziyyətə Hitler müdaxilə etdi. O, Gebbelsin istefa vermək və Maqdan boşanaraq Baarova ilə ölkədən getmək istəyini qəbul etmədi, aktrisa ilə görüşməsini də qadağan etdi. 1938-ci il oktyabrın 15-də Gebbels damarlarını kəsərək intihara cəhd göstərdi. Böyük oğlunun evə gözləniləndən tez qayıtması onun həyatını xilas etdi.

Qalmaqaldan sonra Baarovanın kino fəaliyyəti dayandırıldı və o, təqiblərlə üzləşdi. 1938-ci ildə çəkildiyi “Prussiya sevgi hekayəsi” filminin nümayişinə icazə verilmədi. Ekran əsəri yalnız 1950-ci ildə Qərbi Almaniyada “Sevgi əfsanəsi” adı ilə göstərildi. 1941-ci ildə aktrisa Mikelancelo Antonioninin dəvəti ilə “Gözəl Lüçiya” filmində çəkilmək üçün İtaliyaya getsə də, layihə baş tutmadı.

1945-ci ilin aprelində Almaniyadan çıxarkən amerikalılar Baarovanı saxladılar, daha sonra isə Çexoslovakiyaya təhvil verdilər. Həbsdə olduğu vaxt anası vəfat etdi. Bacısı Zorka Yanu, ailəsinin vəziyyətinə və yaşadığı rüsvayçılığa dözməyərək özünü öldürdü; onun 25 yaşı vardı. Atası keçirdiyi ağır sarsıntıdan sonra kor oldu.

Həbsxanada aktrisa Yozef və Maqda Gebbelsin beş uşağını kalium-sianidlə zəhərləyərək öldürdüklərini, sonra isə intihar etdiklərini öyrəndi. Məhkəmədə Baarova Almaniyada müharibə başlayana qədər işlədiyini sübut edə bildi və ölüm hökmündən yayındı. O, həbs cəzası aldı və iki ildən artıq həbsdə qaldı. Uşaqlıq dostu Yan Kopetski onu ziyarət edir, yeni Çexoslovakiya hakimiyyətindəki əlaqələrinin köməyi ilə azadlığa çıxmasına dəstək göstərirdi.

Baarova Kopetski ilə ailə qurdu, lakin cütlük sonradan Avstriyaya getməyə məcbur oldu. 1950-ci illərin ortalarında Federiko Fellini aktrisaya “Vitelloni” filmində rol təklif etdi. Daha sonra Kopetski Argentinaya mühacirət etdi, Baarova isə Avropada qalaraq Zalsburqda yaşadı. Karyerası əvvəlki səviyyədə davam etməsə də, “Qaçış” və “Həyatımın şirin acılığı” adlı xatirə kitablarını yazdı. Hər iki kitab bestseller oldu.

1990-cı illərin əvvəllərində, təxminən yarım əsrlik fasilədən sonra Praqaya qayıdan aktrisa yenidən ictimaiyyətin diqqətinə düşdü. O, 2000-ci il oktyabrın 27-də 86 yaşında Zalsburqda vəfat etdi. Ömrünün son illərini tənha yaşadı. Sənət irsində 38 film var. Ölümündən təxminən on il əvvəl Praqadakı “Barrandov” kinostudiyasında onun həyatından bəhs edən bədii film də çəkilmişdi.

Baarovanın keçmişi Çexiyada fərqli münasibətlərlə xatırlanır: bir qisim onun istedadı və beynəlxalq şöhrətini önə çəkir, digərləri isə nasist Almaniyası dövrü və Gebbelslə münasibətini unutmur.