QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun TRIPP layihəsinin texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasının zəruriliyi barədə fikrinə qoşulub.
Paşinyan bu mövqeyini Milli Assambleyada çıxışı zamanı açıqlayıb. O bildirib ki, Ermənistan ərazisində tikilən dəmir yolu Azərbaycanın dəmir yolu şəbəkəsinə birləşdirilməlidir və buna görə də texniki göstəricilər uzlaşdırılmalıdır.
“Dəmir yolumuzun Azərbaycanın dəmir yolu ilə əlaqələndirilməli olduğunu düşünürük. Bu səbəbdən müvafiq məsələlər və texniki parametrlər üzrə fəal razılaşma aparılmalıdır. Üçtərəfli işçi qrupu da elə bu məqsədlə yaradılıb”, – baş nazir deyib.
Paşinyan TRIPP-in praktiki icrasında cənub istiqamətində kommunikasiya xətlərinin çəkilməsi üçün lazım olan sərhəd ərazilərinin demarkasiyasını əsas mərhələlərdən biri kimi göstərib.
O, sərhədyanı çaylardan istifadə ilə bağlı Ermənistan və Azərbaycanın əməkdaşlığına da toxunub. Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində keçirilən son görüşdə də müzakirə olunub.
Baş nazir parlamentdə hökumət saatı çərçivəsində bildirib: “Sülh gündəliyinin həyata keçirilməsi zamanı hər iki dövlət sərhəd çaylarının sularından birgə istifadə sahəsində əməkdaşlıq edə bilər və etməlidir. Hər iki ölkənin ərazisindən keçən çaylar, müəyyən ekoloji standartlar və digər məsələlər var. İran və Türkiyə ilə də belə əməkdaşlığımız mövcuddur”.
Paşinyanın sözlərinə görə, Azərbaycan tərəfi ilə işçi qrupları formalaşdırılıb, amma indiyədək onların heç bir görüşü baş tutmayıb.