QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Türkiyənin Bursa şəhərində bu gün səhər saatlarında səmanı qeyri-adi buludlar bürüyüb. Linzavari buludlar günəş doğarkən şəhər mərkəzində, Özlüce ərazisində və Uludağın ətəklərində müşahidə olunub.
Yerli sakinlərin çəkdiyi foto və videolar sosial şəbəkələrdə sürətlə yayılıb. Elmi adı “Altocumulus lenticularis” olan bu buludlar formalarına görə üst-üstə düzülmüş boşqablara, linzaya və ya UFO-ya bənzəyir.
Belə buludlar güclü, rütubətli hava axınlarının Uludağ kimi yüksək dağlarla qarşılaşaraq yuxarı qalxması və dalğavari hərəkət etməsi nəticəsində yaranır. Hava yüksəldikcə soyuyur, su buxarı kondensasiya olunur və kənarları hamar bulud qatları əmələ gəlir.
Buludlar, adətən, 2000-5000 metr yüksəklikdə formalaşır. Dalğanın zirvəsində kondensasiya prosesi davam etdiyindən, güclü külək olsa da, onlar uzun müddət eyni yerdə dayanmış kimi görünə bilir.
Qırmızımtıl və narıncı çalarlar isə günəş üfüqə yaxın olanda şüaların atmosferdə daha uzun məsafə qət etməsi ilə bağlıdır. Sosial şəbəkələrdə bu mənzərənin zəlzələdən xəbər verdiyi barədə narahatlıq yaransa da, mütəxəssislər buludların seysmik aktivliklə əlaqəsi olmadığını deyirlər.
Coğrafi quruluşu və Uludağın təsiri səbəbindən Bursa bu tip buludların tez-tez yarandığı bölgədir. Oxşar mənzərə şəhər səmasında 19 yanvar 2023-cü ildə, 18 noyabr 2025-ci ildə və 4 yanvar 2026-cı ildə də qeydə alınıb.
Bu buludlar havada güclü axınların, eləcə də dağın küləkdən qorunan tərəfində kəskin burulğanların — turbulentliyin — olduğunu göstərir. Buna görə də onlar təyyarələrin uçuşu üçün ciddi təhlükə yarada bilər.