QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Yeni il bayramı yaxınlaşdıqca ərzaq və qeyri-ərzaq məhsullarına tələbatın yüksəlməsi gözlənilir. Bayram süfrəsi üçün alınan ət, toyuq, balıq, meyvə-tərəvəz, şirniyyat və digər mallara marağın artması bazarda qiymətlərə təsir göstərə bilər.

İqtisadçı Elçin Rəşidov bildirib ki, dekabrda qiymət artımı ehtimalı gözləniləndir. Onun sözlərinə görə, bayram ərəfəsində hədiyyələrə, yolka bəzəklərinə və başqa qeyri-ərzaq mallarına tələbat hər il yüksəlir.

Rəşidovun qeyd etdiyinə görə, Yeni il süfrəsi üçün istifadə edilən ərzaqların satışı da bu dövrdə artır. Tələbin yüksəlməsi bəzi məhsulların qiymətində bazar konyunkturası ilə bağlı artıma yol aça bilər. Xüsusilə meyvələrin bahalaşması ehtimalı var.

İqtisadçı idxal məhsulları üzrə vəziyyətin fərqli ola biləcəyini vurğulayıb. Əvvəlki illərdə bayramqabağı idxal mallarında kəskin qiymət artımları qeydə alınsa da, son vaxtlar idxalçılar tələbatı nəzərə alaraq məhsulları qabaqcadan gətirir və ehtiyat toplayırlar. Bəzən ehtiyatların həcmi tələbatı da üstələyir; bu isə idxal ərzaqlarının ciddi bahalaşmasının qarşısını ala bilər.

Rəşidovun fikrincə, idxal mallarının qiymətinin dəyişməsi bayram ərəfəsində nə qədər ehtiyat yaradılacağından asılı olacaq. Azərbaycan idxaldan asılı olduğuna görə, bu amil bazarda qiymətlərin gedişinə birbaşa təsir edir.