QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, bu ilin ilk doqquz ayında Azərbaycanda vaxtından əvvəl doğulma diaqnozu qoyulan 117 körpəyə 276 tibbi xidmət göstərilib. Xidmətlərin xərci icbari tibbi sığorta çərçivəsində ödənilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, hamiləliyin 37-ci həftəsi başa çatmamış doğulan uşaqlar vaxtından əvvəl dünyaya gəlmiş hesab olunur. Belə körpələr çox vaxt aşağı çəki ilə doğulur və tənəffüs pozuntusu, sarılıq, beyin qanaxması, görmə və eşitmə çətinlikləri, eləcə də inkişaf geriliyi riski ilə qarşılaşırlar.

Məlumatda vaxtında tibbi müdaxilənin, xüsusi neonatal qulluğun və erkən reabilitasiyanın bu riskləri azaltmaq baxımından əhəmiyyəti qeyd edilib.

Həmçinin bildirilib ki, nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin icbari tibbi sığorta xidmətlərinə vaxtından əvvəl doğulmuş, azçəkili körpələrin müayinəsi və stasionar müalicəsi də daxildir.