QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda məhkəməyə verilən iddialar üzrə dövlət rüsumunun məbləği tələb olunan pulun və ya əmlakın dəyərinə əsasən hesablanır. Kiçik məbləğli iddialar üçün rüsum 30 manatdır, böyük tələblərdə isə 50 min manatadək yüksələ bilər.

“Dövlət rüsumu haqqında” qanuna görə, qiymətləndirilən iddia ərizələri üzrə ödəniş iddianın məbləğinə uyğun müəyyən olunur.

İddia 1000 manatadək olduqda 30 manat rüsum tutulur. Məbləğ 1000 manatdan 10 min manatadəkdirsə, 30 manatla yanaşı 1000 manatı aşan hissənin 1 faizi ödənilir.

10 min manatdan 100 min manatadək iddialar üçün rüsum 120 manat və 10 min manatdan yuxarı məbləğin 0,3 faizidir. İddia 100 min manatdan 1 milyon manatadək olduqda isə 390 manat və 100 min manatı keçən hissənin 0,1 faizi hesablanır.

Bir milyon manatdan artıq tələblərə görə 1290 manat, eləcə də bu həddi aşan hissənin 0,05 faizi tutulur. Bununla belə, ümumi rüsum 50 min manatdan çox ola bilməz.

Nümunə olaraq, 50 min manatlıq iddia üçün 240 manat, 200 min manatlıq iddia üçün isə 490 manat dövlət rüsumu nəzərdə tutulur.

Qanunvericilik müəyyən kateqoriyalı şəxslər və iddialar üçün rüsumdan azadolma halları da müəyyən edir. Buna görə məhkəməyə müraciət etməzdən əvvəl konkret işə güzəştin şamil olunub-olunmadığı dəqiqləşdirilməlidir.