QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Chevrolet Cobalt Azərbaycanda həm yeni, həm də işlənmiş avtomobil bazarında alıcıların üstünlük verdiyi modellər sırasındadır. Tələbatın səbəbləri arasında avtomobilin yerli yığılması da göstərilir.

Yerli bazarda yığılıb təchiz edilən avtomobillər qiymət baxımından əlçatan olmaqla yanaşı, ehtiyat hissələrinin tapılmasının asanlığı və ucuzluğu ilə də diqqət çəkir. Modelin texniki imkanları və istismar xüsusiyyətləri də populyarlığına təsir edir. 1,5 litrlik mühərrik şəhərdə və magistral yollarda qənaətcil yanacaq sərfiyyatı təmin edir. Bu göstərici taksi sürücüləri üçün seçim zamanı əsas meyarlardan biridir.

Asqı sisteminin yol örtüyündən asılı olmayaraq davamlı olması və avtomobilin ustalar tərəfindən rahat təmir edilməsi xərcləri aşağı salır. Sinifinə nisbətən geniş baqaj yeri isə ailə istifadəsi və uzunmüddətli səfərlər üçün əlverişlidir.

Elanlarda göstərilən qiymətlər avtomobilin buraxılış ili və yürüşünə görə fərqlənir. 2026-cı il istehsalı olan, yürüşü olmayan yeni Cobalt-lar təxminən 18 500–24 000 manat arasında təklif edilir. 150 000–200 000 kilometrdən artıq istifadə olunmuş 2023–2024-cü il modellərinin qiyməti isə təqribən 19 000–24 000 manat təşkil edir.

Avtomobilin satış zamanı dəyərini qoruması və qısa müddətdə nağd vəsaitə çevrilə bilməsi onu ikinci əl bazarında cəlbedici seçimə çevirir. Bu xüsusiyyətlər Cobalt-ın həm şəhər gündəlik istifadəsində, həm də kommersiya sahəsində tələbatlı qalmasına şərait yaradır.