QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Azərbaycanda minimum əməkhaqqının artırılması dövlət müəssisə və qurumlarında vahid tarif cədvəli ilə çalışan, lakin dövlət qulluqçusu olmayan şəxslərin də maaşlarına təsir edəcək. Dəyişiklik yalnız minimum əməkhaqqı alanlarla məhdudlaşmayacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, minimum əməkhaqqının artırılması barədə Prezidentin müvafiq göstərişi var.

Deputatın sözlərinə görə, sənəd imzalandıqdan sonra Nazirlər Kabineti dövlət qurumlarında çalışan və dövlət qulluqçusu hesab edilməyən şəxslərin vəzifə maaşlarını yeni minimum əməkhaqqına uyğunlaşdıracaq.

Bayramov ilkin qiymətləndirmələrə əsasən, bu addımın təxminən 700 min vətəndaşın əməkhaqqının artması ilə nəticələnə biləcəyini deyib.

Artımın faiz və məbləği hələ büdcə sənədində göstərilməyib. Deputat bu göstəricilərin büdcə qəbul olunduqdan sonra Prezidentin imzalayacağı müvafiq sənəddə açıqlanmasının gözlənildiyini bildirib. Uşaqlı ailələr üçün bəzi sosial müavinətlərin artım faizi və məbləği isə artıq elan edilib.