QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

“Azərsun Holdinq”in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma “Sunbeverage” MMC-nin fəaliyyəti barədə məlumat verib.

Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan müəssisədə qazlı və qazsız su, soyuq çay, meyvəli, vitaminli və azkalorili içkilər istehsal ediləcək. 10 hektar ərazidə yerləşən müəssisənin illik istehsal gücü 150 min ton təşkil edir. Məhsulların həm ölkə daxilində satılması, həm də xarici bazarlara ixracı planlaşdırılır.

Müəssisədə İtaliya istehsalı olan müasir avadanlıqlar quraşdırılıb. İstehsal mərhələlərinə suyun təmizlənməsi, şərbətin hazırlanması, qarışdırma və qazlaşdırma, içkilərin plastik butulkalara və şəffaf qida qablarına doldurulması, qapaqlanması, etiketlənməsi və qablaşdırılması daxildir.

Layihəyə ümumilikdə 70 milyon manat vəsait ayrılıb. Özəl vəsait və bank kreditləri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Biznesinin İnkişafı Fondunun dəstəyi ilə 5 milyon manat güzəştli kredit cəlb olunub. Bundan başqa, 5 milyon manatlıq kredit üçün zəmanət və faiz subsidiyası mexanizmindən istifadə edilib.

Müəssisədə 300 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. Layihənin Şərqi Zəngəzurda qida sənayesinin inkişafına və əhalinin məşğulluğuna töhfə verməsi, eləcə də Azərbaycanın ixrac imkanlarını genişləndirməsi gözlənilir.