QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Ukraynada həbsdə olan Vətən müharibəsi iştirakçısı Misir Qasımlının cinayət işi üzrə kassasiya şikayətinə baxan Kiyev Ali Məhkəməsi qərar verib.
Məhkəmə kollegiyası aşağı instansiyalarda proses zamanı ciddi prosessual pozuntular müəyyənləşdirib. Bu səbəbdən Qasımlıya çıxarılmış 8 illik həbs hökmü və əvvəlki qərarlar ləğv olunub, iş yenidən araşdırılması üçün Apellyasiya Məhkəməsinə göndərilib.
Hüquqşünasların fikrincə, Ali Məhkəmənin qərarı müdafiənin mövqeyini möhkəmləndirir və işə təkrar baxılarkən Misir Qasımlının bəraət alması ehtimalını yüksəldir.
44 günlük Vətən müharibəsinin iştirakçısı Misir Qasımlı və dostu Sübhan Quliyev 2021-ci ilin iyununda Kiyevdə saxlanılıblar. Saxlanılma erməni əsilli İspaniya vətəndaşı olan iş adamının şikayəti əsasında həyata keçirilib. Onlara adam oğurluğuna cəhd, xuliqanlıq və qanunsuz silah saxlama ittihamları irəli sürülüb.
Kiyev vilayətinin Obuxov Rayon Məhkəməsi 7 dekabr 2022-ci il tarixli hökmü ilə hər iki şəxsi 8 il müddətinə azadlıqdan məhrum edib. Müdafiə tərəfi istintaq və məhkəmə dövründə zərərçəkmişlə şahidlərin iclaslarda iştirak etmədiyini vurğulayaraq, işi sifarişli və qondarma adlandırıb.
Misir Qasımlı noyabrın 16-da Kiyev Ali Məhkəməsinə gətirilib.