QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İsrailin xarici kəşfiyyat xidməti Mossad İranın keçmiş müdafiə nazirinin müavini və SEPAH generalı Əli-Rza Əsgərini oğurlayaraq bir neçə həftə dindirib, daha sonra isə öldürüb.

“The New York Times”ın keçmiş amerikalı rəsmilərə əsaslanan məlumatına görə, əməliyyat 2006-cı ildə baş tutub. İsrail kəşfiyyatçıları Əsgərini 1980-ci illərdə Livanda itkin düşən israilli hərbi təyyarə naviqatoru Ron Aradın yoxa çıxmasında mümkün rolu barədə sorğu-sual ediblər.

Dindirmələrdən sonra Aradın taleyi ilə bağlı əhəmiyyətli məlumat əldə olunmayıb. Keçmiş amerikalı rəsmilərdən biri iddia edib ki, sorğu-sual bitdikdən sonra Mossad əməkdaşları generalı öldürüb, cəsədini Qara dənizə atıblar.

“The New York Times”ın araşdırmasında İsrail kəşfiyyatının Suriyada keçirdiyi ehtimal olunan başqa bir xüsusi əməliyyat da təsvir edilir. Söhbət İran generalı Abdullah Sabirinin oğurlanmasından gedir.

Nəşrin məlumatına əsasən, yüksək rütbəli hərbçini gizlicə Suriyadan çıxarmaq üçün Mossad agentləri soyuducu daşınmasına uyğun böyük karton qutudan yararlanıblar.