QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) Naxçıvan dəmir yolu layihəsi ilə bağlı qiymətləndirməsi yekun mərhələyə çatıb. Məsələ Azərbaycan Prezidenti İlham Əliyevin Dublin şəhərində Aİ Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə müzakirə edilib.

Görüşdə nəqliyyat marşrutları ilə yanaşı, yaşıl enerji sahəsində əməkdaşlıq da nəzərdən keçirilib. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın bərpaolunan enerji mənbələrindən əldə edilən elektrik enerjisini birbaşa Avropa bazarlarına çatdırmaq barədə razılaşmaları yüksək qiymətləndirilib. Tərəflər qlobal ticarət baxımından əhəmiyyətli Orta Dəhlizin imkanlarını və regionda nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsini də müzakirə ediblər.

Naxçıvan dəmir yolu artıq Brüsseldə yalnız yerli infrastruktur layihəsi kimi deyil, Avropanı Mərkəzi Asiya və Çin bazarları ilə bağlayan geniş nəqliyyat sisteminin elementi kimi dəyərləndirilir. Xəttin gələcəkdə Azərbaycanın əsas hissəsini Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikasına birləşdirməsi nəzərdə tutulur. Qərb ölkələrinin Asiya ilə ticarət üçün təhlükəsiz alternativ marşrutlara maraq göstərdiyi, Azərbaycanın isə bu transkontinental zəncirdə əsas mövqelərdən birini tutduğu bildirilir.

Beləliklə, Zəngəzur istiqamətində nəqliyyat dəhlizinin açılması məsələsi Bakı ilə İrəvan arasında ikitərəfli müzakirələrlə məhdudlaşmır. Layihə Vaşinqtonun və Brüsselin də diqqətində olan beynəlxalq geostrateji gündəmin prioritetlərindən birinə çevrilib.

Qərbin Naxçıvan logistikasına artan marağı fonunda Tehran və ya Moskvanın layihəyə mane olmaq və prosesə müdaxilə etmək imkanları ilə bağlı politoloq Azər Hüseynov NOCOMMENT.az-a danışıb. Onun fikrincə, Qərbin regionda fəallaşması və dəmir yoluna strateji layihə kimi yanaşması Cənubi Qafqazdakı qüvvələr nisbətini köklü şəkildə dəyişir. Aİ-nin prosesə birbaşa qoşulması kommunikasiyaların açılması məsələsini qlobal səviyyəyə çıxarır. Buna görə də kənar qüvvənin layihəyə açıq müdaxiləsi və ya onun ləngidilməsi cəhdi yalnız Azərbaycanla deyil, bütövlükdə Qərb mərkəzləri ilə qarşıdurma mənası daşıyacaq.

Hüseynov İranın mümkün narahatlıqları və maneəçilik cəhdlərinin beynəlxalq təzyiqlər qarşısında təsirsiz qalacağını söyləyib. Onun sözlərinə görə, Tehran Zəngəzur istiqamətindəki dəyişikliklərdən narazılığını göstərməyə çalışsa da, ABŞ və Avropanın maraqlarının layihəyə daxil olması İranın manevr imkanlarını ciddi şəkildə daraldır. Politoloq əlavə edib ki, Ukrayna müharibəsi və qlobal təcrid şəraitində Rusiya Cənubi Qafqazda yeni nəqliyyat marşrutlarının həyata keçirilməsinə sərt müqavimət göstərə biləcək vəziyyətdə deyil. Hüseynovun qiymətləndirməsinə görə, Qərbin dəstəklədiyi geoiqtisadi plan tədricən reallaşır.