QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Naxçıvan Regional Mərkəzi müxtəlif təhsil müəssisələrində və cəzaçəkmə müəssisəsində maarifləndirmə tədbirləri keçirib. Aylıq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan olunub.
Tədbirlər M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində, Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə, Babək şəhər 1 nömrəli tam orta məktəbində, Qıvraq qəsəbə tam orta məktəbində və Şahbuz şəhər 1 nömrəli tam orta məktəbində təşkil edilib. Maarifləndirmə görüşləri Naxçıvan Dövlət Universitetinin nəzdindəki Naxçıvan Dövlət Texniki Kollecində və Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində də baş tutub.
“Uşaq hüquqlarının müdafiəsi hər birimizin məsuliyyətidir”, “Uşaq hüquqlarının müdafiəsində ailənin, məktəbin və dövlət qurumlarının birgə məsuliyyəti” və “Hüquqlarımızı tanıyaq və qoruyaq” mövzularında keçirilən görüşlərdə qurumların və təhsil müəssisələrinin hüquq və öhdəlikləri diqqətə çatdırılıb. Uşaqların hüquqlarının qorunmasında əməkdaşlığın əhəmiyyəti, onların təhlükəsiz və sağlam şəraitdə böyüməsi, təhsil alması və hərtərəfli inkişafı üçün cəmiyyətin vəzifələri barədə danışılıb.
İştirakçılara Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti və Müvəkkilə müraciət qaydaları izah edilib. “916” Çağrı Mərkəzi haqqında da məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.