QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin müəllimi Nərman Qocatürkün sosial şəbəkədəki son paylaşımlarından biri yayılıb. Həmin paylaşımın onun ölümündən təxminən dörd gün əvvəl edildiyi bildirilir.
Sosial şəbəkədə yayılan görüntüdə Qocatürkün fəlsəfi fikirləri yer alır. Paylaşımda belə yazılıb: “Allahı tanımayana israrla Allahı tanıtmağa gərək yox, çünki Allahın özü ona tanınmaq istəmir”.
1967-ci il təvəllüdlü Nərman Salman oğlu Süleymanovun meyiti noyabrın 18-də saat 19 radələrində Yasamal rayonu, Ayna Sultanova küçəsindəki mənzildə aşkarlanıb. Fakt üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Nərman Qocatürk son günlər sosial şəbəkələrdə onun barəsində yayılan iddialarla da gündəmə gəlmişdi. Noyabrın 12-dən “Tələbə mediası” adlı səhifədə müəllimin tələbələrə qarşı qeyri-etik davranış göstərdiyi iddia olunmuşdu. Qocatürk isə ölümündən əvvəl yazdığı bildirilən müraciətində ittihamları qəbul etməmişdi.