QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Azərbaycanda noyabrın 15-dən hava şəraitinin kəskin dəyişəcəyi və temperaturun 5-10 dərəcə aşağı düşəcəyi proqnozlaşdırılır. Bəzi bölgələrdə güclü yağış, dolu və qar gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 15-i axşamından ölkə ərazisində hava qeyri-sabit olacaq, fasilələrlə yağıntı düşəcək. Şimal-qərb küləyinin arabir güclənəcəyi bildirilir.
Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağması ehtimalı var.
Noyabrın 15-i axşamı Azərbaycanın şimal və qərb rayonlarında başlayacaq yağıntıların ayrı-ayrı ərazilərdə intensivləşəcəyi, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Dağlıq yerlərdə qar yağacağı proqnozlaşdırılır.
Dəyişkən hava çaylarda suyun səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Böyük və Kiçik Qafqaz, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın və sel ehtimalı istisna olunmur.
Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamına qədər davam edəcəyi gözlənilir.