QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 1945-ci il noyabrın 20-də Nürnberqdə nasist Almaniyasının rəhbərlərinə qarşı beynəlxalq məhkəmə prosesi başlayıb. Təxminən bir il davam edən mühakimə 1946-cı il oktyabrın 1-də yekunlaşıb.
Qalib dövlətlərin təsis etdiyi Beynəlxalq Hərbi Tribunal nasist Almaniyasının siyasi, hərbi və iqtisadi sahələrdə çalışan 22 rəhbərini mühakimə edib. Herman Gering, Rudolf Hess, Yoahim fon Ribbentrop, Vilhelm Keytel, Alfred Rozenberq və digər yüksək vəzifəli şəxslər hakim qarşısına çıxarılıb. Martin Bormana isə hökm onun iştirakı olmadan verilib.
Bu, beynəlxalq tribunalın bütöv bir dövlətin törətdiyi cinayətləri araşdırdığı ilk proses idi. Məsuliyyət dövlətin və ya siyasi rejimin ümumi adı ilə məhdudlaşdırılmayaraq, konkret şəxslərə — adı, soyadı, vəzifəsi və imzası olan insanlara aid edildi. Beləliklə, dövlət sistemi arxasında gizlənərək cinayətlərə görə məsuliyyətdən yayınmaq mümkün olmadı.
Nasist rəhbərlərinə dörd əsas istiqamət üzrə ittiham irəli sürülmüşdü: sülhə qarşı sui-qəsd və cinayətkar planın hazırlanması, sülhə qarşı cinayətlər, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər.
Hüquqi ittihamların arxasında əsir hərbçilərin və mülki şəxslərin qətlə yetirilməsi, əmlakın qarət olunması, milyonlarla insanın məcburi əmək düşərgələrinə göndərilməsi, eləcə də insanlığa qarşı çoxsaylı vəhşiliklər dayanırdı.
Tribunalın mühüm hüquqi nəticələrindən biri təcavüzkar müharibəyə başlamağın qiymətləndirilməsi ilə bağlı idi. Hökmə əsasən, bu əməl sadəcə beynəlxalq hüququn pozulması yox, “ən ağır beynəlxalq cinayət” sayılmalı idi. Səbəb isə belə müharibənin digər müharibə cinayətlərinin hamısında olan şəri özündə cəmləşdirməsi idi.
Nürnberqdəki məhkəmə yalnız nasist Almaniyasının rəhbərlərinin mühakiməsi ilə yekunlaşmadı. Proses beynəlxalq hüquqda yeni mərhələnin başlanğıcı oldu: dövlət adından verilən əmr və siyasi qərarlar insanlığa qarşı cinayət törətmiş şəxsləri məsuliyyətdən qurtarmır.