QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə Zəfər tağının önündə etdiyi müraciət Azərbaycanın indiki gücünü və qarşıdakı hədəflərini əks etdirən siyasi mesajlarla diqqət çəkib.
Milli Məclisin deputatı Könül Nurullayeva müraciətdə Zəfərin yalnız hərbi qələbə deyil, milli iradənin, xalqla ordunun birliyinin və müstəqil dövlət siyasətinin nəticəsi kimi təqdim olunmasını əsas məqamlardan biri sayıb. Prezident 44 günlük Vətən müharibəsini Azərbaycanın şanlı tarixi adlandıraraq, xalqın və gələcək nəsillərin bu qələbə ilə fəxr edəcəyini bildirib.
Nurullayevanın qeyd etdiyinə görə, Azərbaycan təxminən 30 il davam edən işğala hərbi gücü ilə yanaşı, milli həmrəyliyi, siyasi qətiyyəti və tarixi ədalətin bərpasına inamı sayəsində son qoyub. Prezidentin qələbəyə aparan yolun xalqın, əsgər və zabitlərin ürəyindən keçdiyinə dair fikri də bu amilləri önə çıxarıb.
Dövlət başçısı irəliləyişin ləyaqət yolu ilə mümkün olduğunu vurğulayıb. Azərbaycan xalqının işğalla barışmadığını və tarixi torpaqların azad ediləcəyinə ümidini qoruduğunu bildirən deputat əlavə edib ki, Ermənistanın təhdidləri, beynəlxalq təzyiqlər və danışıqlardakı süni əngəllər ölkənin prinsipial mövqeyinə təsir göstərməyib.
Müraciətdə 2023-cü ildə suverenliyin ölkənin bütün ərazisində bərpasının tarixi əhəmiyyəti də qeyd olunub. Prezident Azərbaycanın ərazi bütövlüyünün təminindən sonra suverenliyin də bütöv ölkə üzrə bərpa edildiyini bəyan edib.
Zəfər Günü müraciətinin Xankəndidən səsləndirilməsi də xüsusi məna daşıyır. Nurullayevanın sözlərinə görə, uzun müddət separatizmin təsirində qalan şəhər hazırda dövlət suverenliyinin və quruculuq siyasətinin mərkəzlərindən biridir. Xankəndidə Zəfər Muzeyinin yaradılması, eləcə də keçmiş separatçı qurumun yerləşdiyi binanın qələbə tarixini yaşadan məkana çevrilməsi əlamətdar addım kimi qiymətləndirilib.
Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri davam edir, Böyük Qayıdış Proqramı həyata keçirilir. Azad edilmiş ərazilərdə hazırda 97 min insan yaşayır, təhsil alır və işləyir. Bu, həmin torpaqlarda yeni həyatın qurulduğunu göstərir. Beləliklə, qələbənin davamı həm də inkişaf və quruculuqla bağlıdır.
Deputat müraciətin ideoloji məzmununda Azərbaycançılıq məfkurəsinin xüsusi yer tutduğunu bildirib. Prezident bu ideyanı bütün uğurların təməlində dayanan fəlsəfə kimi səciyyələndirib. Vətən müharibəsi zamanı xalqın vahid məqsəd ətrafında birləşməsi isə Azərbaycançılığın ictimai-siyasi gücünü nümayiş etdirib.
Prezidentin sözlərinə görə, Azərbaycan siyasi, iqtisadi və hərbi baxımdan müstəqil, heç kimdən asılı olmayan və ləyaqətli dövlətdir. Nurullayeva vurğulayıb ki, tarixi qələbə milli birliyin, qətiyyətli rəhbərliyin və güclü dövlətçilik iradəsinin ən mürəkkəb sınaqlardan çıxmağa imkan verdiyini göstərib.