QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, noyabrın 20-də Azərbaycanın əksər ərazilərində küləkli və yağıntılı hava müşahidə olunub. Bəzi rayonlarda külək güclənib, ayrı-ayrı yerlərə yağış, Şahdağa isə qar düşüb.
Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatına görə, Bakı və Abşeron yarımadasında səhər qısamüddətli yağış qeydə alınıb. Şahdağda arabir qar yağıb.
Ən çox yağıntı Şahbuzda ölçülüb: 10 mm. Şərurda 4 mm, Daşkəsən, Tovuz və Ordubadda 3 mm, Gədəbəy, Sədərək, Culfa, Sarıbaş (Qax), Ağstafa və Kişçayda (Şəki) 2 mm yağıntı qeydə alınıb. Göygöl, Gəncə, Şəmkir, Balakən, Naxçıvan, Şabran, Mingəçevir, Zaqatala və Yevlaxda göstərici 1 mm olub.
Bir sıra ərazilərdə qərb və şimal-qərb istiqamətli külək güclənib. Maksimal sürət Yardımlıda 25, Oğuz, Naftalan, Bakı və Abşeron yarımadasında 24, Goranboyda 23, Tərtərdə 22, Daşkəsən, Mingəçevir, Şəki, Şahdağ və Neftçalada isə saniyədə 20 metrə çatıb.
Qobustanda külək saniyədə 19 metr, Kəlbəcər, Altıağac, Lerik, Bərdə və Ağdamda 18 metr, Gədəbəy və Şəmkirdə 16 metr, Zəngilanda isə 15 metr sürətə qədər yüksəlib.